Rokfellerə əsər satan rəssam
AzNews.az “Cümlə axşamı” layihəsində Mirmehdi Ağaoğlunun Xalq rəssamı Qəyyur Yunusla müsahibəni təqdim edir.
- Qəyyur müəllim, uzun bir yaradıcılıq yolu keçmisiniz. Mənə maraqlıdır, rəssamlıq nədir və sizin bu suala cavabınız necədir?
- Mən bunun cavabını bilsəydim, elə sənətşünas olardım.
- Cavab tapmamısınız?
- Daxilən bilirəm, sadəcə rəssamlığın nə olduğunu sözlə ifadə etməyə çətinlik çəkirəm. Çünki rəssamlıq təsvirlə əlaqəlidir. Təsvir isə ilk növbədə gözlə bağlıdır. Göz görməli, bundan sonra müəyyən fikir formalaşmalıdır. Deyilənə görə, Florensiya bələdiyyəsinin rəhbəri bir gün dövrün şairlərini, musiqiçilərini toplayır, rəssamlardan da Leonardo Da Vinçini dəvət edir. Bələdiyyə rəisi qonaqlara sual ünvanlayır ki, musiqi, söz, yoxsa boyakarlıq birincidir? Musiqiçi deyir, səs birincidir, şair isə iddia edir ki, söz birincidir. Növbə Leonardo Da Vinçiyə çatanda o, deyir: “Təsəvvür edin, döyüşdə məğlub olmusunuz, qarşı tərəf sizə işgəncə verir; ya gözünüzü çıxaracaq, ya dilinizi, ya da qulağınızı kəsəcək. Hansını seçərdiniz?” Məclisdəkilərin hamısı bir ağızdan cavab verir ki, gözümüzün çıxarılmasını istəməzdik. Leonardo da deyir, bax, buna görə təsviri sənət birincidir. Allah da ağıldan sonra ən böyük nemət kimi gözü verib.
- Rəssamın tabloda adətən hər hansı mesajı olur, yoxsa yorum verməyi hər kəsin öz öhdəsinə buraxır?
- İlk növbədə rəssamın dünyagörüşü, təfəkkürü vacibdir. Tamaşaçı zamanla, məkanla bağlı dəyişə bilər. Leonardonun vaxtındakı tamaşaçılar başqa idilər, indikilər tamam başqadırlar. Hər bir sənətkarın öz meyarı, bədii dünyagörüşü, təfəkkürü olmalıdır. Heç bir tamaşaçı sənətkara müdaxilə edə bilməz. Heç sənərtşünaslar da rəssama istiqamət verə bilməzlər. Bununla bağlı bir əhvalat danışım. Kukla Teatrının yanında çayxana var idi. Bir gün rəhmətlik Səttar Bəhlulzadə, Tofiq Bayram, Emin Sabitoğlu ilə görüşüb, o çayxanaya gedirdik. Yolda qəzet redaktorlarından biri ilə rastlaşdıq, bizə qoşuldu. Söhbət musiqidən düşəndə həmin qəzet redaktoru şikayətləndi ki, Qara Qarayev nə yazır axı, heç nə başa düşmək olmur. Səttar da ondan soruşdu ki, musiqiçisən? Dedi, yox. Musiqişünassan? Dedi, yox. Onda Səttar həmin adama acıqlandı ki, istəyirsən, Qara Qarayev sənin səviyyəndə əsər yazsın? Sən çalış, onun səviyyəsinə qalx də?
Yəni istər simfonik musiqi olsun, istər tablo olsun, sənəti dərk etmək üçün gərək əvvəlcədən müəyyən hazırlığın olsun. Bu hazırlıq olmasa, rəssamın verdiyi mesajı da oxuya bilməyəcəksən.
- Sizin əsərləri dərk etmək üçün hansısa biliklərə yiyələnmək lazımdır?
- Əvvəla heç olmasa, rəssamlıq barədə bir az bilməlidirlər. Hər bir sahənin əlifbası var. Ümumiyyətlə, biz niyə sənətə meyl edirik? Sənət insanın mənəvi dünyası ilə bağlıdır. Biz maddi qida qəbul elədiyimiz kimi mənəvi qida da qəbul edirik. Əgər insan mənəvi qida almırsa, kamilliyə doğru getmirsə, heyvandan bir fərqi olmayacaq.
- Sizin əsərlərin mesajı nədir?
- Mənim hər bir tablom mesajdır. Onların mesajı təqvadır, Allahın buyurduqlarıdır. Bir nəfər əsərlərimə baxıb soruşdu ki, bu, nəizmdir, dedim, Allah buyurandır də, nə izim olacaq, təqvaizmdir (gülür).
- Buna görə, tablolarınızda ərəbcə yazılar, Qurandan ayələr verirsiniz?
- Bunlar Allah kəlamlarıdır. Həqiqətlə bağlıdır.
- Ayələri əsərin mövzusuna uyğun seçirsiniz?
- Bəli, kompazisiyaya uyğun olur. Məndə intizar mövzusu var. Mənim intizarım İmam Zaman Ağanın intizarıdır. Mən bunu əsərlərimdə birbaşa göstərmirəm, onları müxtəlif simvollarla təqdim edirəm. Əsərdə elə sirli təsvir olmalıdır ki, tamaşaçı özü bunu düşünsün. Bir dəfə bir verilişdə aparıcı sual verdi ki, sənətkar üçün meyar varmı? O biri qonaqlar dedilər ki, rəssam üçün meyar yoxdur. Amma mən dedim ki, bəli, belə bir meyar var. Bu meyar Allahdandır. Əgər Allah sənin tablonu bəyənirsə, orda həqiqət var. Yox, bəyənmirsə, təqdir eləmirsə, həmin sənət çox getməz. Kimsə ona lap yüz milyon dollar verər. Nə olsun, Allahın təqdir etdiyi əsər ki, deyil! Hər şeyin bir ölüçüsü, əndazəsi var. Küçədə lüt gəzmək olar? Yox!
- Bəs əsərdə necə? Çılpaq rəsmlər çəkirsiniz?
- Tələbə vaxtı çəkirdim. Məqsədim insanın anatomik quruluşunu öyrənmək idi. Çılpaq insan təsvirləri çəkmək mənim dini dünya görüşümlə üst-üstə düşmür. O janr məni maraqlandırmır.
- Əsərlərinizdə dini motivləri çəkirsiniz? Qərb rəssamlığında İsanın obrazını çəkirlər, amma bizdə buna rast gəlinmir. Yaxud çox azdır.
- Yox, çəkmirəm. Mənim bir əsərim var. Belə adlanır: “Be” hərfi nöqtəsini tanıyanlar”. Əski əlifba ilə “be” hərfinin altında nöqtə var. İslamdan anlayışı olanlar bilirlər ki, o nöqtə Həzrəti Əliyə işarədir. Çünki peyğəmbərdən hədis var ki, mən elm şəhəriyəm, Əli də onun qapısıdır. Xəttatlıqda da “be” hərfi şəhərə, nöqtəsi isə qapıya bənzədilir. Yəni deməyim odur ki, mən dini motivli əsəri də simvollarla çəkirəm, amma peyğəmbərlərin, imamların obrazlarını açıq şəkildə çəkmərəm. Kim çəkirsə də, bunu rəmzi şəkildə edir. Axı, biz onların üzünün həqiqətən necə olduğunu bilmirik. Peyğəmbərin, imamların dövründə foto olmayıb. Heç o dövrdə rəssamlıq da inkişaf etməmişdi. Düzdür, hədislərdə peyğəmbərin zahiri görünüşü haqqında müəyyən fikirlər var. Amma onun əsasında da yalnız fotorobot çıxarmaq kimidir.
- Üslubunuz necə formalaşıb? Hansı rəssamlardan qidalanmısınız?
- Mənim ustadım bilirsiniz də, Səttar Bəhlulzadədir. Tiflis Akademiyasında oxuyanda rəhmətlik Səttar yanıma gəlmişdi. Bizi muzeyin fondunda olan Qacar dövrü İran rəssamlarının əsərlərinə baxmağa apardılar. Orda mən ilk dəfə Qacar dövrü rəssamların işlərini gördüm, çox bəyəndim. Və onların üslublarını mənimsəməyə başladım. Qacar məktəbi ilə Avropa məktəbinin sintezini apardım, tədqiq elədim, gördüm ki, texnologiya eyni, mövzular başqadır.
- Sizdə gürcü rəssam Pirosmanidən də təsirlənmə var?
- Yox. Pirosmani özü Qacar dövrü İran rəssamlarından təsirlənib. O vaxt Tiflisdə İran konsulluğu varmış. Bir dəfə Şeytanbazardakı restoranların birində yemək yeyən konsul görür ki, fağırın biri restoranın sahibinə tablo gətirdi, o da əvəzində yemək verdi. Konsul ofisiantı çağırıb deyir, o rəssama nə istəyir, ver yesin, sonra da yanıma göndər. Konsul Pirosmani ilə beləcə tanış olur. Onu sarayındakı rəsmlərlə tanış edir. Pirosmani konsulun sarayında Qacar rəssamlarının əsərlərini görəndən sonra o cür çəkməyə başlayıb.
- Belə çıxır ikinzin də üslubu eynidir?
- Eyni deyil. Pirosmani primitivdi, amma mən akademik təhsil almışam. Sən zamanı qarışdırma. Pirosmani mənim çəkdiklərimin yaxınına dura bilməz. O, indi yaşasaydı, əsərləri haqqında nə deyərdin? Mən ondan qabaq anadan olsaydım, məni ondan yüksək qiymətləndirərdilər.
- Özünüzü başqa hansı rəssamlardan üstün hesab edirsiniz?
- Yox, üstün hesab eləmirəm. Ancaq o dünyada Lenoardo, Rembrandt, Qoyya kimi rəssamlarla görüşsəm, onlara deyəcəm ki, sizin əsərlərinizdə təqva olmadı. Təqva olsaydı, siz də müsəlman olardınız.
- Sizin əsərləriniz, Leonardonun, Rembrandtın, Qoyyanın əsərlərindən ona görə üstündür ki, təqvası var?
- Bəli. Çünki onlar təhrif edilmiş xaçpərəstlikdə qaldılar. Onun üçün də əsərləri təhrif olunub. Söhbət yaradıcılıqdan getmir. Foto da çəkir, kamera da. Özü də rəssamdan da dəqiq çəkir. Əsas məsələ Allaha bəndəlik emtəkdədir. Sən yaradıcılığından Allaha bəndəlik etmisənmi? Bax, bu, vacibdir.
- Bir əsəriniz David Rokfellerin şəxsi kolleksiyasındadır. Necə gedib çıxıb ora?
- 1986-cı ildə David Rokfeller Bakıya gəlmişdi. Bizim sərgidə də oldu. Sərgidə mənim iki işim vardı, bəyənmişdi. Almaq istəyirdi. Mən o vaxtı ona sata bilmədim. Hətta tərcüməçisi məni təqdim edib, dedi ki, cənab Rokfeller sizin əsərlərinizi almaq istəyir. Mən də cavab verdim ki, bizim rəhbərliyə müraciət edin. Rokfeller də güldü, ingiliscə dedi ki, axı müəllif sizsiniz? Sovetlər dağılandan sonra isə onun bir vəkili gəldi və mən ona bir əsərimi satdım.
- Sirr deyilsə neçəyə satdınız?
- Sirdir. Onun üçün o pul heç nə idi. Sonradan bildim ki, Rokfeller masson imiş, fikirləşdim ki, gərək, heç satmazdım.
- Heç elə adam olub ki, əsərinizi istəyib, satmamısınız?
- Niyə olmayıb, olub. Bir vəhhabi vardı, əsərimi istədi, danışığı xoşuma gəlmədi, dedim, sənə əsər satmaram. Lap ərəb şeyxi də gəlsə, sektorion da versə, satmaram.
- Əsərlərinizdəki qadın obrazları bir-birinə niyə bu qədər bənzəyir?
- Qərb rəssamlığında Madonna obrazlarına fikir versək, görərik ki, onlar da bir-birinlərinə çox oxşayır. Mən portret yox, ümumi qadın obrazını çəkirəm deyə, bir-birlərinə oxşayır. Türklər mənim tablolarıma baxanda deyirlər ki, sən Azərbaycan qadınını çəkirsən, bu qadınlar, türkə, özbəyə, qazaxa bənzəmirlər. Bir də görürsən, çəkdiyim obrazlara küçədə-bayırda rast gəlirəm.
- Səttarın tələbəsi olmusunuz. Yəqin onunla bağlı xeyli xatirəniz var.
- Səttarın tələbəsi olmamışdan qabaq biz qohum olmuşuq. Atamla dayıoğlu-bibioğludurlar. Səttar doğrudan da dahi sənətkardır.
- İnsan kimi rəftarı necə idi?
- Sərt xasiyyəti var idi. Onu gülən görməzdin. Çox məntiq güdən adam idi. Onun yanında kim məntiqsiz söz danışaydı, vay halına. Azərbaycanda impressionizmin banisi Səttardır. Onun əsərlərini Klod Monenin əsərləri ilə yanaşı qoy, görəcəksən hansı üstündür. Təəssüf ki, hələ layiq olduğu dəyəri almayıb. Onun layiqincə tanıda bilməmişik.
- Deyirlər, qəfil evdən çıxıb rayonlara getməyə varmış.
- Bəli, elə idi. Çox azad adam olub. Geyiminə heç fikir verməzdi. Rəsmi tədbirləri də xoşlamazdı. Dövlət tədbirlərinin birində o dövrün mədəniyyət naziri Rauf Hacıyevlə yanaşı oturublarmış. Səttar qəfil Rauf Hacıyevə sual verib ki, Rauf sən bilmirsən, Van Qoqun vaxtında Fransanın mədəniyyət naziri kim olub? Rauf da Səttarın nəyə işarə vurduğunu başa düşüb deyib ki, yox e, doğrudan kim olub? O dövrün rəssamlarından kim mədəniyyət nazirinə belə söz deməyə cürət edərdi? Səttar demək istəyirdi ki, məmurun vəzifəsi sənətkara qiymət verməkdir, nazirlər, məmurlar unudulub gedir, amma Van Qoqlar tarixdə qalır.
- Bəs siz necə, göstərilən münasibətdən razısınızmı? Sizə qayğı varmı?
- Yox. Razı deyiləm. Yetmiş illiyim oldu. Qızım ərizədə də yazmışdı, amma Mədəniyyət Nazirliyi yetmiş illiyimi keçirmədi. Bəhanə gətirdilər ki, pulumuz yoxdur.
www.aznews.az
22.11.2018